Bu gün I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutan ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gəlib.
Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan, xalça üzərinə 4 pəhləvanımız çıxıb. Onlardan üçü yarışı medalla bitirib.
Cəmşid Xeyrabadinin yetirmələrindən Rəsul Çunayev qızıl, Rafiq Hüseynov gümüş, Elman Muxtarov bürünc mükafata layiq görülüblər. Onlar eyni zamanda, Avropa Oyunlarının tərkibində keçirilən qitə çempionatında da bu uğura imza atıblar.
Yunan-Roma güləşi
59 kq
Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edib. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz qələbəni bayram edib - 7:6.
Amma o, finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirib.
3-cü yer uğrunda döyüşdə onun rəqibi ermənistanlı Roman Amoyan olub. 20 yaşlı Muxtarov işğalçı ölkə təmsilçisi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini xalçaya çıxmağa peşman edərək (9:1), Maryanyanın da revanşı alıb. Bununla da Elman yığmamıza Oyunlarda 4-cü medalı qazandırıb.
71 kq
Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb.
Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda Rəsul çətinliklə üzləşməyib. "Neftçi İdman Klubu"nun üzvü Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirib.
Çunayev finalda macarıstanlı Balint Korpasi ilə üz-üzə gəlib. Hazırda karyerasının ən yaxşı formasında olan pəhləvanımız bu rəqibini də üstələyib – 4:2. O, bununla da Avropa Oyunlarının çempionu tituluna yiyələnib. Rəsul həlledici görüşdə qələbədən sonra üçrəngli bayrağımıza bürünərək, yarışı canlı izləyən Azərbaycan prezidenti İlham Əliyev və Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya əsgər salamı da verib.
80 kq
Digər 2 təmsilçilərimiz kimi, ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib.
Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb.
O, bu görüşün də taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq yarımfinala vəsiqə qazanıb.
Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionu yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb - 9:0.
Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşıb. Görüş 2:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Nəticədə Hüseynov Avropa Oyunlarında komandamıza ilk gümüş medalı qazandırıb.
98 kq
Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi 20 yaşlı idmançı təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.
Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb - 1:3.
Lakin Maqomedov finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşə qatılıb. Bu mərhələdə Ardo Arusaarla qarşılaşan həmyerlimiz 2:0 hesabı ilə qələbə qazanaraq, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.
Orxan 3-cü olmaq üçün türkiyəli Cenk İldemlə gücünü yoxlayıb. Görüşdə təcrübə öz sözünü deyib və Nuriyev yarışı 5-ci yerdə bitirib.
Qeyd edək ki, yunan-Roma güləşində sabah daha 4 dəst medal öz sahibini tapacaq.