[b]Karate yığmamızdan uğurlu start: 2 qızıl, 2 bürünc [/b] - YENİLƏNİB
13.06.2015 - 18:21
[b]Karate yığmamızdan uğurlu start: 2 qızıl, 2 bürünc [/b] - YENİLƏNİB

Bu gün Bakı-2015 Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar. Apasport.az saytının məlumatına görə, Kristal Zalında təşkil edilən ilk yarış günündə 6 dəst medal öz sahibini tapıb. Kumite növü üzrə baş tutan çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunub və yarışa uğurla start veriblər.

 

Belə ki, həmyerlilərimizdən Firdovsi Fərzəliyevlə Rafael Ağayev Oyunların qızıl medallarına yiyələniblər. Onlar hər ikisi finalda İtaliya karateçisindən üstün olublar.

 

Fərzəliyevlə Ağayevdən fərqli, Niyazi Əliyev və İlahə Qasımova yarışı 3-cü yerdə bitiriblər.

  

Kumite

Kişilər

60 kq

Bu çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev A qrupunun ilk qarşılaşmasında ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən idmançımız növbəti görüşdə italiyalı Luka Mareska ilə gücünü yoxlayıb. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2.

 

Bununla da yarımfinalda iştirak hüququ qazanan Firdovsi son görüşdə albaniyalı Halil Marqeş döyüşüb. Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb.

 

O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

 

Fərzəliyev finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə qarşılaşıb və 4:0 hesablı qələbə sayəsində, Azərbaycan yığmasına ilk qızıl medal qazandırıb.

 

67 kq

Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. A qrupunda ilk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib.

 

O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş Əliyevin məğlubiyyəti ilə yekunlaşıb - 1:4.

 

Buna baxmayaraq, o, yarışı mükafatla başa vurub. Niyazi bürünc medal uğrunda döyüşdə almaniyalı Rikardo Gieglerə güzəştə getməyib - 3:1.

 

75 kq

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz A qrupunda ilk görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə qalib gələrək, qrup səddini adlayıb.

 

Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ağayev qızıl medal uğrunda italiyalı Luici Busa ilə gücünü yoxlayıb. Karateçimiz rəqibini son saniyələrdə vurduğu bir dəqiq zərbə ilə keçib. O, bununla da millimizə Avropa Oyunlarında ikinci qızıl medalı qazandırıb.

 

Qadınlar

50 kq

Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. İlk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirən karateçimiz 0:1 hesabı ilə uduzub . O, növbəti 2 görüşündə də ümidləri doğrultmayıb. Türkiyəli Serap Özçelikə 0:6, xorvatiyalı Monika Beruleç 0:3 hesabı ilə məğlub olan Əliyeva qrupda sonuncu olub və Oyunlarla vaxtından əvvəl vidalaşıb.

 

55 kq

B qrupunda mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib.

 

Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.

 

Karateçimiz yarımfinalda fransalı Emilya Tuoyla qüvvəsini sınayıb. Görüş idmançımız üçün uğursuz alınıb və 6:1 hesabı ilə qalib gələn rəqib finala yüksəlib.

 

Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb. Gərgin keçən dueldə İlahə 2 dəfə hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 5:2 hesabı ilə qələbə qazanıb. Bu, həmçinin yığmamızın Avropa Oyunlarında ilk medalı kimi tarixə düşüb.

 

61 kq

Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edib. B qrupunda mübarizə aparan Abıyevanın “siftə”si 2:2 hesabı ilə başa çatsa da, 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenarda (Xorvatiya) 0:6, Merve Çobana (Türkiyə) 1:2 hesabı ilə uduzub. Bu səbəbdən də qrupda sonuncu olan Fəridə mübarizəni dayandırıb.

 

Qeyd edək ki, karate idman növündə sabah daha 6 dəst medal öz sahibini tapacaq.