“Milli komanda artıq 5 gündü toplanışdadı. Zədəlilər olsa da, hazırlıqdan tam razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Komandamız DÇ-2018-in seçmə mərhələsində sabah Norveçi qəbul edəcək.
Görüş öncəsi təşkil edilən mətbuat konfransında Prosineçki millimizin şanslarını dəyərləndirib: “Ab-havadan razıyam. Rəqib güclüdü. Seçmə mərhələyə uğursuz başlayıblar. Oyunçuları böyük liqalarda çıxış edirlər. Amma komandama güvənirəm. İnanıram ki, yaxşı nəticə qazanacağıq”.
- Oyun praktikasından əziyyət çəkən bəzi futbolçular milliyə dəvət alıblar. “Sumqayıt”da müntəzəm çıxış edən Vaqif Cavadov niyə dəvət almayıb?
- Ramil Şeydayev gənc futbolçudu, Azərbaycan üçün önəmli oyunçu olacaq. Vaqif Cavadovla da eyni mövqedə oynamır. Vaqif Cavadovun mövqeyində ondan yaxşı futbolçular olduğu üçün onu çağırmadım. Digər tərəfdən “Trabzonspor”la “Sumqayıt” arasında böyük fərq var.
- Bədavi Hüseynovun olmamasının səbəbi zədədən sonra hazır olmamasıdı?
- Bədavi iki aya yaxın futboldan kənarda qaldı. “Fiorentina” və “Qəbələ” ilə son oyunlarda iştirak edib. Yavaş-yavaş formasını yığır. Amma Bədavi Norveçlə matçda iştirak edəcək formada deyil. 3 gündən sonra da Çexiya ilə oynayacağıq. Maksim Mevdevev də bir neçə dəfə sübut edib ki, həmin mövqedə Bədavini əvəzləməyə layiqdi.