10:42 29-07-2021
news_image
5329
FUTBOL

“Neftçi” 3-cü səbətdə - “Fənərbaxça” və ya yenidən “Olimpiakos” rəqib ola bilər

Avropa Liqasında HİK-lə qarşılaşacaq “Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi avqustun 2-də bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, həmin gün Avropa Liqasında pley-offun püşkatma mərasimi keçiriləcək.

Püşk Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. III təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) cütü də mərasimdə mümkün rəqibini tanıyacaq.

Bu dəfəki püşkatma fərqli formada keçiriləcək. İştirakçılar səpələnmiş və səpələnməmişlərin yer aldığı 2 səbətə bölünməyəcək.

Püşkdə 4 səbət olacaq. 1-ci səbətdə yarışa birbaşa 6 klub qoşulacaq. 2-ci səbətdə Çempionlar Liqasının III təsnifat mərhələsinin 6 cütü yer alacaq. Bu cütlərin məğlubları Avropa Liqasına düşəcək.

3-cü səbətə Avropa Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunun 5 cütü düşüb. “Neftçi” – HİK cütü də bura daxil edilib. 4-cü səbətdə isə Avropa Liqasının III təsnifat mərhələsinin Əsas yolunun 3 cütü olacaq.

Bu “20-lik” püşkdə 10 cütlük təşkil edəcək. Tədbir 4 hissədən ibarət olacaq.

Öncə 1-ci səbətin 3 komandası 4-cü səbətin cütləri ilə düşəcək.

Ardınca 1-ci səbətdə adı çıxmayan digər 3 komanda isə 3-cü səbətdəki cütlərlə görüşədək. “Neftçi” – HİK cütünə də burdakı komandalar, o cümlədən qardaş Türkiyə “Fənərbaxça”sı düşə bilər.

Püşkatmanın növbəti hissəsində 3-cü səbətin digər iki cütü rəqibini tanıyacaq. Onların qismətinə 2-ci səbətin cütləri düşəcək. “Neftçi” və HİK-ə ilk mərhələdən azad olan komandalar düşməsə Çempionlar Liqasında uduzanlardan gələcək. Burada tanış “Olimpiakos”, Mahir Emrelinin “Legiya”sı, “Şerif” variantları mümkündür.

Adı bu üç hissədə çıxmayan cütlər – 2-ci səbətin 4 iştirakçısı bir-biri ilə qarşılaşacaq.

1-ci səbət
Əvvəlki mərhələdən azad klublar
“Alkmaar” (Niderland)
“Fənərbaxça” (Türkiyə)
“Zarya” (Ukrayna)
“Antverpen” (Belçika)
“Şturm” (Avstriya)
“Randers” (Danimarka)

2-ci səbət
Çempionlar Liqası, III təsnifat mərhələsi, Çempionlar yolu
“Dinamo” (Xorvatiya) – “Legiya” (Polşa) cütünün məğlubu
ÇFR (Rumıniya) – “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu
“Olimpiakos” (Yunanıstan) – “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Şerif” (Moldova) cütünün məğlubu
“Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya) cütünün məğlubu
“Ferensvaroş” (Macarıstan) – “Slaviya” (Çexiya) cütünün məğlubu

3-cü səbət
Avropa Liqası, III təsnifat mərhələsi, Çempionlar yolu
“Omoniya” (Kipr) – “Flora” (Estoniya) cütünün qalibi
“Mura” (Sloveniya) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) cütünün qalibi

4-cü səbət
Avropa Liqası, III təsnifat mərhələsi, Əsas yol
“Yablonets” (Çexiya) – “Seltik” (Şotlandiya)
“Rapid” (Avstriya) – “Anartosis” (Kipr)
“Qalatasaray” (Türkiyə) – “Sent Conston” (Şotlandiya)