23:28 05-08-2021
news_image
416
FUTBOL

“Bakıda mərhələni keçməyə çalışacağıq” – Qurban Qurbanov

“Səfər qolu əvvəllər üstünlük idisə, indi belə deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə keçirilən oyundan sonra deyib.

Azərbaycan təmsilçisi “AEK Arena”da baş tutan ilk görüşdən 1:1 hesablı bərabərliklə ayrılıb. Yerli azarkeşlərin təxribatçı davranışları səbəbindən təxminən 10 dəqiqə dayandırılan və ardından bərpa olunan qarşılaşmadan sonra Qurbanov bu fikirləri səsləndirib: “Bərabərlik heç də pis nəticə deyil. Hər iki komanda üçün vəziyyət eynidir. Bakıdakı görüşdə mərhələ keçməyə, qol vurmağa və buraxmamağa çalışacağıq”.

O, hər iki komandanın layiqli mübarizə apardığını vurğulayıb: “Yaxşı mübarizə getdi. İki xarakterli komanda idi. Hər iki tərəf, bəlkə də, uduzmamağa layiq idi. Futbolçularıma təşəkkür edirəm. Hər iki hissədə xeyli sayda epizodlarımız olsa da, istifadə edə bilmədik. Futbolçularımız sona kimi hücum etməkdən çəkinmədilər və bərabərlik qolunu vurdular. Bu qol hələ heç nə demir. Cavab görüşü də var. Bakıda hər iki komandaya qələbə lazım olacaq. Bu səbəbdən cavab matçı daha maraqlı alına bilər”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.