16:52 13-10-2021
news_image
604
FUTBOL

“Səfərə gedəndə qalstuklarını taxıb hamıdan birinci təyyarəyə minirlər” - veteran futbolçu

“Futbolu başa düşənlər, bu işi bilənlər birləşib futbolun gələcəyini müzakirə etməlidirlər. Kimlər ki, ortada çaxnaşma yaradır, məşqçilərə işləmək imkanı vermir, onlar AFFA-da oturmamalıdır”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Zaur Ramazanov deyib.

Ölkə futbolundakı problemləri qabardan 45 yaşlı mütəxəssis bəzi məşqçilərin üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirib. O, xüsusən də, AFFA Məşqçilər Komitəsini tənqid edib: “5-6 nəfər Məşqçilər Komitəsində bir yerə yığılıb. Onlar nəyə lazımdır? Aşağı yaş qrupu yığmalarımız səfər oyununa gedəndə oradakı məşqçilər qalstuklarını taxıb hamıdan birinci təyyarəyə minirlər. Di gəl ki, həmin uşaqların çempionat oyunlarında onların heç birini görən olmur. Gəlib uzaqdan da olsa hansısa matça baxmayıblar”.

Qeyd edək ki, Zaur Ramazanov futbolçu karyerası ərzində “Karvan”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Bakı” kimi iddialı klubların formasını geyinib.