12:55 05-01-2022
news_image
2091
FUTBOL

Mahir Emrelinin “Legiya”da qalmaq üçün tələbi – YALNIZ BİZDƏ

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan ayrılmaq istəməsinin əsas səbəbi bəlli olub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu Varşava klubuna qayıtması üçün təhlükəsizlik təminatı istəyib.

Yığmamızın üzvü Polşa Ekstraklasasının XVIII turunda Plotsk “Visla”sı ilə görüşdən sonra azarkeşlər tərəfindən hücuma məruz qaldığı və başından xəsarət aldığından, güvənliyi ilə bağlı narahatlıq keçirib. O, “Legiya”dan ən azı şifahi də olsa təhlükəsizliyinə təminat istəsə də, rəhbərlik belə bir söz verməkdən imtina edib.

Bu səbəbdən forvard vəkilləri vasitəsilə kluba məktub göndərərək, müqaviləyə xitam verilməsini tələb edib. Varşavalılar onun Dubaydakı təlim-məşq toplanışına qatılmasını istəsələr də, futbolçu hələlik buna razılıq verməyib.

Qeyd edək ki, “Legiya”nın heyətində bu mövsüm 33 oyunda 11 qol vuran Mahir Emrelinin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.