11:58 14-01-2022
news_image
2195
FUTBOL

Sabiq “Qarabağ”lı Toral Bayramovu fərqləndirdi: “Hələ çox gəncdirlər, “şişə” bilərlər”

“Gənc futbolçularımız legioner həyatı yaşamağa can atmalıdırlar”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanov deyib.

46 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında çıxış edən bəzi oyunçuların ölkə xaricinə yollanacaq səviyyədə olduğunu düşünür. O, xüsusən də, gəncləri fərqləndirib: “Ölkə xaricində oynaya biləcək futbolçularımız var. Amma heç kimi İtaliya, İngiltərə, İspaniya kimi ölkələrdə görmürəm. Məsələn, Polşa, Macarıstan, Rumıniya, Xorvatiya çempionatlarına gedib, orada inkişaf eləmək olar. “Qarabağ”ın müdafiəçisi Toral Bayramovun asanlıqla Avropada oynaya biləcəyini düşünürəm. Həmçinin başqa bir neçə oyunçumuz da bunu bacarar. Ancaq onların adlarını çəkmək istəmirəm. Çünki hələ çox gəncdirlər, “şişə” bilərlər”.

Ramazanovun fikrincə, yerli oyunçuların xaricdən imtina etmələrinin əsas səbəbi maliyyədir: “Bizim futbolçulara elə klublardan dəvət gəlir ki, onların vəd etdiyi məbləğlə burada qazandıqları maaş arasında elə böyük fərq olmur. Buna görə də düşünürlər ki, evimdə otura-otura rahat qazanıram, 3-5 manata görə niyə gedib əziyyət çəkim? Təbii ki, bu yanlış fikirdir. Bəlkə Avropada elə yerə qədər yüksələcəklər ki, məvacib də qat-qat çox olacaq. Daha fikirləşmirlər ki, nə vaxt istəsələr Azərbaycana qayıda bilərlər”.

Qeyd edək ki, futbolçu karyerasını ölkə daxilində keçirən Zaur Ramazanov “Karvan”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” kimi klubların formasını geyinib.